“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elan olunan “Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” adlı müsabiqəsinin yekununa həsr olunmuş sərgi təşkil edilib.
Nazirliyin inzibati binasının qarşısında keçirilən tədbirdə əvvəlcə çıxışlar dinlənilib. Çıxışlarda müsabiqənin gənclərin yaradıcı potensialının üzə çıxarılması, müasir texnologiyaların və süni intellekt imkanlarının yaradıcılıq sahəsində tətbiqinin təşviqi, eləcə də Naxçıvanın gələcək şəhərsalma və memarlıq simasının fərqli yanaşmalarla təsəvvür edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Eyni zamanda, müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi zamanı münsiflər heyətinin əsas götürdüyü meyarlar barədə məlumat verilib.
Müsabiqədə iştirak edən gənclərə fəxri fərmanlar, ilk üç yeri tutan iştirakçılara isə diplom və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən Elnur Tağıyev birinci, Səadət Məmmədova ikinci, Kamal İmanov isə üçüncü yerə layiq görülüb.
Mükafatlandırmadan sonra iştirakçılar müsabiqəyə təqdim olunmuş materiallardan ibarət fotosərgi ilə tanış olublar.